Payızın gəlişi və yağışların yağması həm də “xəngəl mövsümü”nün gəlməsi deməkdir. Bu yemək Azərbaycanın ən qədim yeməklərindən biridir. İndi “xəngəl” deyərək adlandırdığımız yeməyin əsl adı “xəngəl”dir. Qədim türk ədəbiyyatında xəngəl yeməyi haqqında məlumatlara, ümumiyyətlə, bu yeməyin süfrəyə nə cür verilməsinə rast gəlmək mümkündür.
Hafta.az-ın menyu rubrikasının bugünkü mövzusu da məhz əsl qış və soyuq havanın yeməyi olan xəngəllə bağlıdır.
Qida texnoloqu Ağa Salamov xəngəllə bağlı danışarkən təəssüf hissi ilə söylədi ki, bu gün bəzi mütəxəssislər xəngəl və xaşı pisləyirlər. Deyirlər ki, “Bu yeməklər ölümə aparır, yaxud da orqanizmə mənfi təsir göstərir”. Əslində isə belə deyil:
“Nəzərinizə çatdırım ki, hər bir təamın düzgün hazırlanma texnikası var. Tam rafinə olunmuş ağ buğda unundan bişirilən xəngəl heç də ziyanlı deyil, əskinə, faydaları var. Düzdür, çox yeyilərsə qara ciyərdə piylənməyə, şəkər xəstəsi olanlarda ürək qan-damar sistemində problem olanlarda narahatlığa səbəb olar. Sağlam insan da xəngəl yeyərək orqanizminə ziyan vura bilər. Bu da yediyi yeməyin miqdarından asılıdır. Xəngəl elə eyni xəngəldir. Onu az yesəz heç bir ziyanı olmaz”.
Mütəxəssis xəngəl yeməyinin doğru hazırlanma texnikası haqqında da oxucularımızı bilgiləndirdi:
“Texnoloji baxımdan sağlam hazırlanmış xəngəldə mütləq şəkildə ağ buğda unundan istifadə edilməlidir. Bütün vitamin və mineralı içində qalan buğda unundan hazırlanmış yemək insana ziyan verə bilməz. Bir şərtlə ki, qida rasionu aşılmasın. Fikrimcə, hər insan 200-250 qram xəngəl yesə, bu normal haldır”.
Ekspert bölgələrimizə görə bu yeməyin fərqli reseptlərlə hazırlandığını da vurğuladı. Həmçinin o, “Nəyə görə yayda xəngəl yeyilməz?” sualına da aydınlıq gətirdi:
“Xəngəlin "Ətli xəngəl", "Qiyməli xəngəl", "Qabaq xəngəli", "Süzmə xəngəli", "Çolpalı xəngəl" kimi növləri var və bu çeşidlər regionlara görə dəyişir. Müxtəlif göyərtilərdən də hazırlanan xəngəl növləri var. Bu yemək isti aylarda insan orqanizminə mənfi təsir bağışlaya bilər. Ona görə də iqlimi nəzərə alaraq xəngəl və bu kimi yeməkləri istehlak etmək lazımdır”.
Sonda isə mütəxəssis qida texnoloqu sadə xəngəlin hazırlanma qaydasından danışdı.
“Sadə xəngəl hazırlamaq üçün lazım olan inqridientlər:
Un-250 qr
Yumurta-1 ədəd
Su-1 st
Duz-3 qr
Qiymə üçün:
Quzu əti-400 qr
Soğan-100 qr
Kərə yağı-60 qr
Quzu bulyonu, duz, istiot, sarıkök
Hazırlanma qaydası:
Un, yumurta və duzdan bərk xəmir yoğrulur. Mayalanması üçün təxminən 20 dəqiqə gözləyirik. Ardınca hazır xəmiri 4 yerə bölüb, yayırıq. 0.5 santimetr yayıb romb şəklində kəsirik. Bundan sonra quruması üçün gözləyirik. Daha sonra içinə duz əlavə edilmiş su qaynadırıq. Xəngəlləri qaynar duzlu suda bişirib süzürük. Üzərinə əlavə ediləcək qiymə üçün əvvəlcə soğan kərə yağında qovrulur. Daha sonra quzu ətini əlavə edib birgə qovururuq. Azca bulyon da qatılaraq təkrar bişməyə qoyulur. Tam qızarmamış ət yemək üçün hazırdır. Xəngəlin servisi iri qabda olunsa daha məsləhətlidir”.